Təbii fəlakətlər bu il dünyaya 150 milyard zərər verib

Təbii fəlakətlər bu il dünyaya 150 milyard zərər verib

2020-ci ildə baş vermiş təbii fəlakətlər nəticəsində bəşəriyyətə 150 milyard dollar dəyərində zərər dəyib.

Bu barədə "Christian Aid" xeyriyyə təşkilatının hesabatında deyilir.

Hesabatda bildirilir ki, iqlim dəyişikliyi 2020-ci ildə də davam edib. Söhbət Asiyadakı daşqınlar, Afrikadakı çəyirtkə hücumu, həmçinin Avropa və Amerikadakı fırtınalardan gedir.

Sənədə görə, cari ildə əlverişsiz havaların mənfi nəticələri ötən ildəkini üstələyərək iqlim isinməsinin uzunmüddətli fəsadlarının trendini ortaya qoydu.

Bütövlükdə 2020-ci ildə əlverişsiz havaların fəsadları nəticəsində dünyada azı 3,5 min nəfər həlak olub, 13,5 milyon sakin isə yurd-yuvasını tərk etməli olub. O cümlədən Atlantik okeanı hövzəsində rekord sayda qeydə alınmış qasırğalar nəticəsində azı 400 nəfər ölüb və 41 milyard ABŞ dolları həcmində maddi ziyan dəyib. Bu kimi qasırğaların qarşıdakı dövrdə daha da artacağı güman edilir.

Qeyd edək ki, XIX əsrin sonundan bu yana dünyada orta hava hərarətinin azı 1,1 dərəcə artdığı, bunun əsas etibarilə son 50 il ərzində özünü göstərdiyi də diqqətə çatdırılıb.