"Pfizer" vaksinləri ABŞ və Avropadakı anbarlara daşınır

"Pfizer" vaksinləri ABŞ və Avropadakı anbarlara daşınır

ABŞ-ın "United Airlines" aviaşirkəti "Pfizer" əczaçılıq şirkətinin koronavirusa qarşı vaksinlərini ABŞ və Avropadakı anbarlara daşımağa başlayıb.

"The Wall Street Journal" nəşrinin məlumatına görə, bu, tənzimləyici orqanların icazəsindən sonra əhalinin peyvəndlənməsinə vaxt itirmədən başlamaq məqsədilə edilir. Vaksin hazırda Miçiqan ştatındakı və Belçikadakı anbarlara daşınır. Sonradan preparatın Viskonsin ştatına və Almaniyaya çatdırılması da planlaşdırılır.

Ötən həftə Almaniyanın "BioNTech" əczaçılıq şirkəti və onun amerikalı tərəfdaşı "Pfizer" koronavirusa qarşı peyvəndin qeydə alınması üçün ABŞ-ın qida məhsulları və tibbi preparatların keyfiyyətinə sanitar nəzarət üzrə idarəsinə sorğu göndərib. Qurumun müstəqil ekspertlər kollegiyası dekabrın 10-da sorğunu nəzərdən keçirməlidir. Şirkətlər həmçinin bütün dünya üzrə, o cümlədən Avropa İttifaqı və Böyük Britaniyanın tənzimləyici orqanlarına da müvafiq sorğu göndərməyə başlayıb.

Məlumat üçün bildirək ki, "BioNTech" və "Pfizer" şirkətləri istehsal etdikləri vaksinin effektivlik göstəricisinin 95% olduğunu bildirirlər.