Neft-qaz sazişlərindən ARDNF-yə ödəniləcək bonusların həcmi açıqlanıb

Neft-qaz sazişlərindən ARDNF-yə ödəniləcək bonusların həcmi açıqlanıb

2021-ci il üzrə neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən bonus ödənişləri 456,5 milyon dollar və ya 776,05 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.

Bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.

Məlumata əsasən, bu, manat ifadəsilə 2019-cu ilin müvafiq icra göstəricisindən 9,7 milyon manat və ya 1,3 % çox, 2020-ci ilin proqnoz və gözlənilən icra göstəricilərindən 8,3 milyon manat və ya 1,1 % çoxdur.

Belə ki, 14 sentyabr 2017-ci il tarixli “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”inə əsasən 2018-2025-ci illər ərzində ümumilikdə 3,6 milyard dollar ödənilməsi nəzərdə tutulur ki, bonus məbləğinin 4-ci hissəsi - 450 milyon dollar və ya 765 milyon manatı 2021-ci ilin ilk ayında ödənilməsi nəzərdə tutulur.

Bununla yanaşı, 2021-ci il üzrə “Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən “Şahdəniz” layihəsi üzrə 4,5 milyon dollar və ya 7,65 milyon manat məbləğində bonus ödənişlərinin edilməsi proqnozlaşdırılır.