Dünya iqtisadiyyatı bu il 4% artacaq

Dünya iqtisadiyyatı bu il 4% artacaq

Bu il COVID-19-a qarşı vaksinlərin geniş miqyasda yayılacağını nəzərə alaraq, Dünya Bankı 2021-ci ildə qlobal iqtisadiyyatın 4% artacağını proqnozlaşdırır.

Bankın "Global Economic Prospects" hesabatına istinadən verdiyi məlumata əsasən, bu, pandemiyadan əvvəl verilən proqnozdan 5 faiz bəndi aşağıdır.

2022-ci ildə qlobal ÜDM-in artım tempinin yavaşlayaraq 3,8% təşkil edəcəyi gözlənilir.

Hesabatda bildirilir ki, pandemiya əsasən inkişaf edən ölkələrdə iqtisadi böyümənin perspektivlərinə zərər vuracaq və əsas iqtisadi məqsədlərə nail olmağı ləngidəcək.

Qeyd edək ki, bankın proqnozlarına əsasən inkişafda olan ölkələrin iqtisadiyyatı bu il 5%, 2022-ci ildə isə 4,2% artacaq. İnkişaf etmiş ölkələrə gəldikdə, bu il sözügedən ölkələrdə ÜDM-in 3,3%, 2022-ci ildə isə 3,5% artacağı proqnozlaşdırılır.