"Boeing 737 MAX" təyyarəsi ilə uçuşlar bərpa edilir

"Boeing 737 MAX" təyyarəsi ilə uçuşlar bərpa edilir

Dekabrın 9-da Braziliyanın "GOL Linhas Aéreas" aviaşirkəti dünyada ilk dəfə "Boeing 737 MAX 8" təyyarələri ilə kommersiya uçuşlarını bərpa edəcək.

Bu barədə aviaşirkətin açıqlamasında bildirilir.

Açıqlamaya görə, Braziliyanın ən böyük yerli aviaşirkəti 9 dekabr tarixindən etibarən kommersiya uçuşları üçün "MAX 8"in istismarına başlayacaq.

İlk uçuşlar aviaşirkətin San-Paulodakı mərkəzində gedən marşrutlarda həyata keçiriləcək. Dekabr ayının sonuna qədər GOL-un mövcud donanmasında olan yeddi "Boeing 737 MAX" təyyarəsinin hamısı uçuşları bərpa etmək üçün icazə alması planlaşdırılır.

Açıqlamada "MAX 8" təyyarəsini istismara qaytarmamışdan öncə GOL "Boeing" korporasiyası ilə birlikdə 140 pilot hazırlaşdırıldığı bildirilir.

Məlumat üçün qeyd edək ki, "Boeing 737 MAX" tipli təyyarələrin uçuşları ardıcıl iki dəfə (2018-ci ilin oktyabrın 29-da İndoneziyada ("Lion Air") və 2019-cu ilin martın 10-da Efiopiyada ("Ethiopian Airlines")) baş verən aviaqəzalardan sonra bütün dünya üzrə dayandırılıb. Qəzalar 346 nəfər insanın ölümünə səbəb olub. Hər iki qəzaya səbəb təyyarənin burnunun əyilmə bucağına cavab verən MCAS sisteminin nasazlığı olub.

Hazırda dünyada təxminən 500 "Boeing 737 MAX" təyyarəsi mövcuddur.