Benzin və dizel avtomobillərinin satışı qadağan oluna bilər

Benzin və dizel avtomobillərinin satışı qadağan oluna bilər

Böyük Britaniyada 2030-cu ilə qədər ölkədə benzin və dizel yanacağı ilə işləyən yeni avtomobillərin satışının qadağan olunması planlaşdırılır.

"Financial Times"da dərc olunan məlumata görə, Böyük Britaniyanın Baş naziri Boris Conson gələn həftə bu məsələ ilə bağlı açıqlama verəcək.

Əvvəlcə Britaniya hökuməti bu qadağanı 2040-cı ilə qədər tətbiq edəcəkdi, lakin fevral ayında Nazirlər Kabineti 2035-ci ilədək benzin və dizel mühərrikli yeni minik avtomobillərinin satışına son qoymaq niyyətində olduğunu bildirmişdi. Hazırda isə səlahiyyətlilər 2030-cu ilə qədər sözügedən avtomobillərin satışından imtina etmək niyyətindədir.

Eyni zamanda, hibrid avtomobillər (daxili yanma mühərriki ilə elektrik mühərrikin birgə işləməsi), əvvəlcədən güman edildiyi kimi, yalnız 2035-ci ildə qadağan olunmuş siyahıya daxil ediləcək.

2030-cu ildən etibarən yeni benzin və dizel mühərrikli avtomobillərin satışının qadağan olunmasına dair elan avtomobil sahiblərini indidən daha “yaşıl” nəqliyyat vasitələrinə keçməyə sövq etmək üçün veriləcək. Elektromobillər üçün şarj stansiyaları şəbəkəsini genişləndirmək məqsədilə Britaniya hökuməti tərəfindən 2021-ci ildə 500 milyon funt sterlinq (660 milyon ABŞ dolları) ayrılacağı gözlənilir. Birləşmiş Krallıqda elektromobillərin populyarlığı ildən-ilə artır, lakin hazırda onlara olan tələbat digər avtomobillərlə müqayisədə xeyli aşağıdır. Oktyabrda onların satışları ümumi satışın yalnız 7%-ni təşkil edib.