Azərbaycanda elektrik enerjisi istehsalı azalıb

Azərbaycanda elektrik enerjisi istehsalı azalıb

2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 138,5 milyon kVt-saat azalaraq 21 301,3 milyon kVt-saat olub.

Energetika Nazirliyinin verdiyi məlumata görə, hesabat dövründə ötən ilin 10 ayına nisbətən elektrik enerjisinin istehsalı İstilik Elektrik Stansiyalarında 315,2 milyon kVt-saat artaraq 20 063,7 milyon kVt-saat, Su Elektrik Stansiyalarında 455,0 milyon kVt-saat azalaraq 946,4 milyon kVt-saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 1,2 milyon kVt-saat artaraq 291,2 milyon kVt-saat olub.

Açıqlanan məlumatda qeyd olunur ki, sözügedən dövrdə Külək Elektrik Stansiyalarında 82,82 milyon kVt-saat, Günəş Elektrik Stansiyalarında 42,44 milyon kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 166,0 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.

Bildirilir ki, yanvar-oktyabr aylarında elektrik enerjisinin istehsalı "Azərenerji" ASC üzrə 18 998,5 milyon kVt-saat (İES-lərdə 18 214,3 milyon kVt-saat, SES-lərdə 784,2 milyon kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 356 milyon kVt-saat (İES-lərdə 175,3 milyon kVt-saat, SES-lərdə 143,7 milyon kVt-saat, Günəş ES-də 37 milyon kVt-saat), Müstəqil Elektrik Stansiyaları üzrə 1 946,8 milyon kVt-saat təşkil edib.

Bu dövrdə elektrik enerjisinin ixracı 901,7 milyon kVt-saat olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 208,6 milyon kVt-saat, idxalı isə 115,1 milyon kVt-saat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 5,7 milyon kVt-saat azalıb.

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 1 895,7 milyon kVt-saat, ixracı 59,8 milyon kVt-saat, idxalı 10,8 milyon kVt-saat olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 24,7 milyon kVt-saat və ya 1,3%, ixracı 14,5 milyon kVt-saat və ya 32%, idxal isə 1,5 milyon kVt-saat və ya 16,1% artıb.