Azərbaycana yatırılan xarici investisiyaların həcmi 27% artıb

Azərbaycana yatırılan xarici investisiyaların həcmi 27% artıb

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana birbaşa xarici investisiyalar formasında cəlb olunmuş sərmayələrin ümumi məbləği 27% artaraq 3,4 milyard dollar olub.

Mərkəzi Bankın məlumatına görə, ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 85,3% təşkil edib.

Hesabat dövründə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-509,7 milyon dollar) azalması cəlb olunmuş investisiya ilə (2 893,4 milyon dollar) kapitalın repatriasiyası (3 403,1 milyon dollar) arasındakı fərqdən formalaşıb.

Qiymətləndirmələrə görə, qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 18% artaraq 497,1 milyon dollara çatıb.

Portfel investisiyaları üzrə daxilolmalar 0,2 milyard dollar, ödənişlər isə 0,5 milyard dollar təşkil edib və nəticədə 0,3 milyard dollar mənfi saldo yaranıb.

Məlumat üçün bildirək ki, hesabat dövründə portfel investisiyaları üzrə aktivlər əsasən bankların və dövlət sektorunun hesabına, öhdəliklər isə dövlət sektorunun və neft-qaz sektoru hesabına azalıb.